9 May 2014

İbtidai sinif müəllimlərinin peşəkarlığının artırılması və təkmilləşdirilməsində mentorluq yanaşması

           
           Məlumdur ki, məktəblərdə dərs deyən müəllimlərin 98 %-i İKT-nin təhsilə tətbiqi üzrə bir çox müxtəlif məzmunlu təlimlərdən keçmişlər. Bütün bunlar onu göstərir ki, Azərbaycan müəllim ordusu texnologiyanin dərslərində tətbiq etmək üçün hazırdırlar. Lakin müəllimlərin 1/3-i həftədə və ya ayda, hətta ildə bir dəfə tapşırıqların yerinə yetirilməsində problemlərin həlli üçün araşdırmalar aparmaq məqsədi ilə dərslərdə texnologiyalardan istifadə edir.

            Mənə elə gəlir ki, ümumiyyətlə Azərbaycan müəlliminin əksər hissəsinin həm təlimi zənginləşdirmək və inkişaf etdirmək, həm də şagirdin bu sahədə bilik və bacarıqlarının artırılmasına yardım edə bilmək üçün texnologiyadan tədris fəaliyyətində istifadə edilməsi istiqamətində yardıma və dəstəyə ehtiyacları var.
         
   Bəs problem nədədir?

            Müəllimlər təlimdə texnologiyanın tətbiq edilməsindəki geriləmələri bir sıra problem və maneələrin ortaya çıxması ilə əlaqələndirirlər. Onlar vaxtın az və gərgin olması, internetə çıxışın qənaətbəxş olmaması, lazımi texniki dəstəyin göstərilməməsi, peşəkar inkişaf üçün düzgün istiqamətin göstərilməməsi kimi səbəblər göstərirlər. Bu ehtiyacların ödənilməsi üçün müəllimlərin, xüsusən də ibtidai sinif müəllimlərinin peşəkarlığının artırılması və təkmilləşdirməsində mentorluq yanaşmasının həyata keçirilməsinə geniş yer verilməlidir. Bununla biz şagirdlərin maraq və tələbatlarının ödənilməsilə yanaşı, həmçinin müəllimlərin təcrübəsinin daha da zənginləşməsinə yardım etmiş olarıq. Əgər biz şagirdlərimizin təlimdə sistemli, ardıcıl inkişafını görmək istəyiriksə, onda həmkarlarımızı məqsədli şəkildə birləşdirməyə ehtiyac var. Bu ehtiyacı isə öyrəndiyimiz Həmkardan Həmkara Dəstək Təlim Proqramının köməyi ilə təmin edə bilərik.
            Mən bu ilin may ayında Həmkara Dəstək Təlim Proqramı kursunda iştirak etmişəm. Bu kursda mentorun fəaliyyət dövrəsinin mərhələləri, mentorun vəzifə və öhdəlikləri, mentorluq planının modelləşdirilməsi, mentorun ünsiyyət bacarıqları və sairlə tanış olmuş və öyrənmişəm. Bu kur mənim mentor kimi fəaliyyət göstərməyimə zəmin yaratmışdır desəm yanılmaram. Bu baxımdan təlim kursunda öyrəndiyim  fikirləri və  mülahizələri həmkarlarımla bölüşmək istərdim.
            Dünyanın ən yüksək nəticə göstərən məktəb sistemlərində göstərilir ki, əməkdaşlıq mühiti, effektiv peşəkar inkişafın mühüm hissəsidir. Həmkarların təlim məşğələlərini birgə planlaşdırması, bir-birini müşahidə etməsi, təcrübələr əsasında təkmilləşmələrində vaxt və dəstəyin təmin olunması onları stimullaşdırır. Dünya təcrübəsində göstərilir ki, artıq bütün yüksək məktəb sistemlərində qəbul edilmişdir ki, əgər “yaxşı müəllim yetişdirmək istəyirsinizsə, sizin onlarla birgə işləyən yaxşı mentorlara ehtiyacınız var”. Mentorlar bir sıra ehtiyacların qarşılanmasında mühüm rol oynaya bilərlər. Onlar katalizator rolu oynayaraq uğurlu əməkdaşlıq strukturu təmin etmək bacarığına nail olurlar.
            Bəs onda gəlin görək mentorluq nədir?
            Kimlər mentor ola bilər?
            Mentorluq daha təcrübəli və ya daha çox bilikli bir adamın nisbətən az təcrübəli və ya az bilikli bir adama bələdçilik etməsi üçün yradılmış şəxsi inkişaf əlaqəsidir.
Həqiqi mentorluq ara-sıra suallara cavab vermək və ya özəl yardım göstərməkdən ibarət deyil.

            Mentorun işi öyrənmə,dialoq, problemlər və onların həlli ilə davam edən sistemli əlaqə qurmaqdan ibarətdir. Mentorlar bir çox müəllimlərdən daha çox bilik bazasına malik olmalıdırlar. Onların biliyi həmkarının təkmilləşdirilməsinə yönəlmiş əməkdaşlığı dəstəkləməyə və sistemləşdirməyə yardım etməlidir. Mentorlar etibarlı əməkdaşlığın qurulmasında mühüm rol oynayan səmimi ünsiyyət bacarığına malik olmalıdırlar. Mentor fərdi müəllimlərin xüsusi sinif ehtiyaclarını qarşılamaqda kömək edən əməkdaşlıq yaradan katalizator kimi fəaliyyət göstərməlidir. Bu ehtiyaclar məzmun, təlim strategiyaları, qiymətləndirmə və ya texnologiyanı aktiv və maraqlı təlim fəaliyyətinə tətbiq edilməsinə, həmçinin təlimin necə təkmilləşdirilməsi üzrə yönəlməlidir. Hər bir halda müəllim və mentor arasında əməkdaşlığın başda duran və onu formalaşdıran amili müəllim ehtiyaclarıdır. Mentorun oynadığı rolun əhəmiyyəti böyükdür. Lakin mentorun uğuru birbaşa olaraq onun bu rolu necə oynamağından irəli gəlir.
Uğur əldə etmək üçün mentor həmkarları tərəfindən subyektiv, “hər şeyi bilən” ekspert kimi dərk edilə bilməz. Əksinə müəllimlər mentoru onları dəstəkləyən və onların təkmilləşmələrinə yardım edən şəxs kimi görməlidirlər. Həmçinin mentor həmkarları arasında nüfuz qazanmağı bacarmaqla yanaşı, müəllimlərdə inam hissi yaratmağı da bacarmalıdır. Kollektivlə əməkdaşlıq etmək bacarığına malik olmalıdır. Dinləmə və ünsiyyət bacarıqları yüksək olmalıdır. Mentor müəllimlərə tək metod və texnologiyaların tətbiqində deyil, eyni zamanda zəngin sinif otağı təşkil etməyin və qurmağı yollarını bilməlidirş pedoqoji heyət tərəfindən güclü və nüfuzlu müəllim kimi tanınmağı da mentor üçün əsas amillərdən biridir. Mentorların rolunun əsası ondan ibarətdir ki, dəstək hissini yaratmasında istifadə etdiyi əsas strategiya onların cavablardan çox suallara əsaslanmasıdır. Məsələn, Avstraliya mentorları təkid edirlər ki, “güclü suallar” müəllimlərin öz peşələrini icra edərkən qarşılaşdıqları məsələlər barədədaha dərin düşünməsinə təkan verir. Bu düşündürücü strategiya təlim fəaliyyətinin və şagirdin təsilinin təkmilləşdirilməsində də əsasdır.
Hər bir mentorun üzərinə müəyyən vəzifə və öhdəliklər düşür. Bu vəzifə və öhdəliklər həmkarların ehtiyaclarına əsasən və zaman keçdikcə onların bu sahədə bacarıqlarının təkmilləşməsinə görə dəyişir. Təxminən bu vəzifələr aşağıdakılardan ibarət ola bilər:
·        Təlim strategiyaları və ya texnologiyanın tətbiqi ilə bağlı vaxtında və lazımi məsləhəti və ya təlimi təmin edir.
·                                   Texnologiyanın tətbiqi ilə zəngin standartlara əsaslanan fəal, maraqlı dərsləri əməkdaş müəllimlərlə birgə planlaşdırır.
·                                  Standartlara əsaslanan və texnologiyanın tətbiqi ilə zəngin olan tədris nümunələrini həmkar müəllimlərin dərslərinə uyğunlaşdırılmasına yardım edir.
·       Müəllimin fəaliyyətini müşahidə edir və tədris fəaliyyətləri üzrə düşünmələrini (refleksiyanı) dəstəkləyir.
Bu vəzifələrlə yanaşı mentorun üzərinə düşən öhdəliklər də vardır və təxminən aşağıdakılardan ibarətdir:
·        Təlim resurslarının müvafiq istifadəsini təyin etmək üçün həmkar müəllim və rəhbərlərlə işləmək
·        Mentorun təlim fəaliyyətini məktəbin, rayonun, regionun, dövlətin və ya ölkənin mövcud peşəkar inkişaf məqsədləri ilə uyğunlaşdırmaq
·        Tam bir tədris ili ərzində ardıcıl olaraq bir və ya daha artıq müəllimə həmkar dəstəyi göstərmək
·        Müvafiq vasitələrdən istifadə etməklə mentor təlim fəaliyyətindəki uğurlarını, yenilikləri məktəbin, rayonun digər həmkar mentorları ilə bölüşmək
Bir qədər də mentor planının modelləşdirilməsi barədə fikirlərimi sizinlə bölüşmək istərdim. Mentor vəzifə və öhdəliklərini bilməklə yanaşı, aşağıda göstərilənləri həmişə diqqət mərkəzində saxlamalıdır:
·        Müəllimin mentor kimi ən mühüm rolu nədən ibarətdir?
·        Müəllim (mentor) kiminlə əməkdaşlıq etməlidir?
·        Müəllim məktəbin elmi məqsədi ilə (məzmun standartlarının reallaşdırılması) öz mentorluq işini necə uyğunlaşdıra bilər?
·        Məktəb mentoru hansı resurslarla təmin edə bilər? və s.
Yuxarıda qeyd etdiyim kimi, mentor üçün ən vacibi ünsiyyət bacarığıdır. Yaxşı mentor ünsiyyət bacarıqlarından istifadə edərək əməkdaşlıq etdiyi müəllimə bir mövzu üzərində dərin fikirləşməyə və fəaliyyəti haqqında düşünməyə imkan yaratmalıdır.
Mentorlar üçün ünsiyyət bacarıqları aşağıdakı kimidir:
Aktiv dinləmə
·        Əməkdaşının fikirlərini dinləyərək ilə təsdiqləyir
·        Bütün rəqabətli fikirlərin qarşısını alır

Parafraz etmə
·        Dinlədiklərini yenidən nəql edir
·        Anlamanı yoxlamaq üçün suallardan istifadə edir
·        Ümumiləşdirməklə söylənən fikirləri aydınlaşdırır
·        Qəbuletməni və həvəsləndirməni göstərir
·        Danışılanlar arasında əlaqə yaradır

Aydınlaşdırıcı suallar
·        Mövzu və ideyanın bir daha aydınlaşdırılmasına yönəlir
·        Cəld cavablandırılır
·        Məlumatı toplamaq üçün istifadə edilir

Yoxlama məqsədli suallar
·        Düşünməyə məcbur edir
·        Adətən parafrazla başlayır
·        Çox vaxt açıq suallardan ibarət olur


Həmkarlarımızın təlim təcrübəsini, həm də texnologiyanın dərslərdə tətbiqetmə bacarıqlarını təkmilləşdirmək məqsədilə aparılan bu cür əməkdaşlıq gələcəkdə bir çox uğurlar əldə etməmizə zəmin yaradar. Həmçinin təlim və tədrisdə davamlı təkmilləşdirmə işləri aparılarsa ibtidai siniflərdən şagirdlərdə maraq və ehtiyaclarına uyğun layihələr üzrə işləmək bacarığı formalaşdırmış olarıq. Şagirdlər arasında da əməkdaşlıq və əlaqəni daha da gücləndirmək, genişləndirmək məqsədilə İKT-nin tətbiqindən istifadə etmələrini istiqamətləndirməliyik. Bununla biz şagirdlərimizə internet resurslarından düzgün istifadə etmək, yəni tariximizi, mədəniyyətimizi, adət-ənənələrimizi əks etdirən layihələri, məlumatları paylaşmaq kimi düzgün vərdişlər aşılamış olarıq.

Gültəkin Mustafayeva
“Zəngi” liseyinin müəllimi
2009-cu il “Ən yaxşı müəllim” müsabiqəsinin qalibi

Hiç yorum yok:

Yorum Gönder