Onun adı dünyanın ən parlaq, ən nüfuzlu və fenomen şəxsiyyətlərinin adları ilə yanaşı çəkilir. O, yaşadığı dövrdə möhtəşəmliyi və əzəmətilə fərqlənən şəxs olmuşdur. Bu, Dünya azərbaycanlılarını birliyə və vəhdətə səsləyən, bütün türk xalqlarının yenilməz və vüqarlı şəxsiyyəti olan, müdrik rəhbərliyi, uzaqgörənliyi, qətiyyəti və əzmkarlığı ilə zəmanəmizin görkəmli siyasi xadimi kimi tanınmış, Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevdir. O, nəinki Azərbaycan xalqının ulu öndəri, həm də bütün dünyanın etiraf etdiyi görkəmli liderdir.
Azərbaycan xalqının taleyüklü hadisələrlə dolu olan otuzillik bir dövrü çoxəsrlik dövlətçiliyimiz tarixində əvəzsiz yeri olan ümummilli lider Heydər Əliyevin adı ilə bağlıdır. Heydər Əliyev Azərbaycan dövlətini və millətini zamanın çətin sınaqlarından çıxararaq ölkənin bütün sahədə tərəqqisinə nail olmuş qüdrətli şəxsiyyətdir. Xalqımız məhz onun sayəsində mənəvi dəyərləri layiqincə qoruyaraq, üçüncü minilliyə qədəm qoymuşdur.
1969-cu ildə Azərbaycan rəhbərliyinə irəli çəkilən Heydər Əliyev milli mənafelərə xidmət göstərmək məqsədilə totalitar rejimin qanunları altında Azərbaycanda milli mənəvi dəyərləri qorumaqla, tərəqqiyə, elm və təhsilin yüksəldilməsinə nali olmaq üçün düşünülmüş elmi siyasət yeritməyə nail olmuşdur. Rəhbərlikdə olduğu 1969-1982-ci illərdə Azərbaycan dövlətinin diqqət mərkəzində duran ən ümdə məsələlərdən biri elmin və təhsilin inkişafına qayğının artırılması olmuşdur. Lakin illərlə və böyük zəhmət hesabına qazanılmış nailiyyətlər 1989-1993-cü illərdə dağılmaq təhlükəsi ilə üz-üzə gəldi. Bu dağılma və tənəzzül xüsusən 90-cı illərin əvvəlində, müstəqillik əldə edildikdən sonra daha geniş miqyas aldı, təhlükəli meyillər özünü göstərməyə başladı. Lakin ikinci dəfə hakimiyyətə qayıdan Heydər Əliyev tərəfindən belə bir inkişaf konsepsiyası hazırlandı ki, milli dövlətçilik prinsipləri içərisində milli təhsil sistemi əsas yerlərdən birini tutmalıdır. Heydər Əliyevin milli müstəqillik, milli dövlət quruculuğu ideyasının əsasında o dururdu ki, müstəqilliyin əbədiliyi, demokratiyanın inkişaf yolu məhz təhsildən keçir. Odur ki, Heydər Əliyevin işləyib hazırladığı strategiyanın əsas xətti milli dövlətçilik və hakimiyyət strukturlarının yaradılması və möhkəmləndirilməsi ilə yanaşı, milli təhsil sisteminin yenidən qurulması idi.
Heydər Əliyev 1993-cü ilin iyunun 15-də Ali Sovetin sədri, iyunun 24-də isə Azərbaycan Respublikasının Prezidentinin səlahiyyətlərini icra etməyə başladı. Artıq həmin ilin sentyabrın 21-də Elmlər Akademiyasında ziyalılarla ilk görüşünü keçirdi. O, bu görüşdə söyləmişdir: "Mənə sədalar gəlir ki, Elmlər Akademiyasını, institutları dağıtmaq istəyirlər, elm ocaqlarına biganə münasibət var. Biz bunların hamısına son qoyacağıq. Nəyin bahasına olursa-olsun, son qoyacağıq. Hansı iqtisadiyyat olursa-olsun, elm inkişaf etməlidir...".
1993-cü il oktyabr ayının 3-də Heydər Əliyev ümumxalq səsverməsi yolu ilə Azərbaycan Respublikasının Prezidenti seçildi. Qarşıda həlli çətin olan məsələlər dururdu: atəşkəsə və sabitliyə nail olmaq, Qarabağ probleminin həllinə çalışmaq, Azərbaycanı dünyaya tanıtmaq və informasiya blokadasını yarmaq... Həmin il məktəbəqədər təhsilin bazis proqramı işlənib hazırlandı.
1994-cü ilin ilk yarısında atəşkəs haqqında saziş imzalandı. Paralel olaraq "Ümumtəhsil məktəblərinin nümunəvi Əsasnaməsi"nin yaradılması məsələsi qoyuldu. Hökumətin böhran halını yaşamasına baxmayaraq, heç olmasa, ibtidai siniflər üçün dərsliklərin pulsuz verilməsi barədə qərar qəbul edildi.
1999-cu ilədək təhsil sahəsində müxtəlif qərarlar qəbul edilsə də, təhsilin milli tərəqqimizin güclü amilinə çevrilməsi üçün dövlət təminatı olmalı idi. Odur ki, 1998-ci ilin martında "Təhsil sahəsində islahatlar üzrə Dövlət Komissiyasının yaradılması haqqında" sərəncam imzalandı və bunun ardınca "Təhsil sahəsində islahatlar Proqramı" qəbul edildi. Komissiyanın yekun iclasında çıxış edən Heydər Əliyev demişdir: "Təhsil sistemi elə bir sistemdir ki, burada heç bir inqilabi dəyişiklik ola bilməz. Ümumiyyətlə, bizim həyatımızın bütün sahələrində dəyişikliklər təkamül xarakteri daşıyır".
Azərbaycan təhsil tarixində böyük dönüş yaratmış 1999-cu il təhsil islahatına aparan yol heç də hamar olmamışdır. Müstəqilliyimizi bərpa etdiyimiz ilk illərdə mənəvi institutlarda sürətlə dağılma prosesi gedirdi. Sosial xaos və anarxiya, hər şeydən əvvəl, mənəvi ehtiyatlara zərbə vursa da, onun közərtisi qalmaqda idi. Həmin közərtini alovlandırmaq,xalqı mənəvi böhrandan qorumaq üçün mümkün yollar aramaq vəzifəsi isə məhz Heydər Əliyevin üzərinə düşdü. İkinci dəfə hakimiyyətə qayıdışından sonra milli büdcəmizin mizer olduğu, dövlətin iqtisadi tənəzzül keçirdiyi bir dövrdə "Bibi-Heybət" məscidinin tikilməsi, dahi Azərbaycan şairi M.Füzulinin 500 illik yubileyi münasibətilə "Füzuli ensiklopediyası"nın hazırlanması və nəşr edilməsi, "Kitabi-Dədə Qorqud"-un 1300 illik yubileyinin keçirilməsi barədə sərəncamlar imzalandı. Böyük mütəfəkkir Hüseyn Cavidin nəşinin doğma yurdda torpağa tapşırılıb üzərində məqbərənin ucaldılması onun adı ilə bağlıdır. Dini Qurumlarla iş üzrə Dövlət Komitəsi yarandı. İlk dəfə olaraq Heydər Əliyev tərəfindən "31 dekabr Dünya Azərbaycanlılarının həmrəylik günü", "31 mart Azərbaycanlıların soyqırımı günü" təsis edildi.
Azərbaycan Respublikasının orta təhsil sistemində ən ciddi problemlərdən biri, təbii ki, məktəb tikintisi, ümumtəhsil məktəblərinin təmiri və avadanlıqlarla təchizatı idi. Heydər Əliyev 2000-ci il iyunun 13-də "Azərbaycan Respublikasında təhsil sisteminin təkmilləşdirilməsi haqqında" yeni fərman imzaladı. Fərman təhsil sisteminin əsaslı şəkildə təkmilləşdirilməsinə, idarəetmənin müasir prinsiplər üzrə təşkilinə, təhsil sisteminin beynəlxalq standartlara uyğunlaşdırılmasına və dünya təhsil sisteminə inteqrasiyasına zəmin yaratdı.
2002-ci ilin sentyabrında Suraxanı rayonundakı 275 nömrəli məktəbdə olarkən Heydər Əliyev bu barədə demişdir : "Mən bu gün bəyan edirəm ki, yaxın zamanlarda Azərbaycanda məktəb tikintisi, məktəblərin müasir avadanlıqlarla təmin olunması, təmir edilməsi ilə əlaqədar ciddi tədbirlər haqqında öz təkliflərimi irəli sürəcəyəm". Və çox keçmədi ki, həmin ilin oktyabr ayında "Azərbaycan Respublikasında ümumtəhsil məktəblərinin maddi-texniki bazasının möhkəmləndirilməsi haqqında" sərəncam imzalandı. Bu sərəncam məktəblərdə təlim şəraitinin və təlim mühitinin yaradılmasında ciddi dönüşə səbəb oldu.
Ulu öndərin layiqli davamçısı olmaqla, özünəməxsus siyasi kursu və dəqiq dövlətçilik konsepsiyası olan Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev qısa bir zamanda qazanılmış nailiyyətlərə toxunaraq "Bakı - İslam Mədəniyyətinin Paytaxtı-2009" mədəniyyət ilinin təntənəli açılışında demişdir: "Azərbaycan son beş il ərzində dünyada analoqu olmayan sürətlə inkişaf edibdir. Bizim iqtisadiyyatımız son beş il ərzində dünyada ən sürətlə artan iqtisadiyyat olubdur. Köklü iqtisadi və siyasi islahatlar Azərbaycanı daha da gücləndiribdir. Ölkəmiz gələcəyə çox nikbinliklə baxır. Biz gələcəyə böyük ümidlərlə baxırıq. Buna imkan verən bu vaxta qədər görülmüş işlərdir. Bizim bütün işlərimiz uğurla nəticələndi, verilən bütün sözlər yerinə yetirilir və ölkəmiz hərtərəfli inkişaf edir".
Bəli, bu gün əminliklə və qətiyyətlə bildiririk ki, Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev milli quruculuq sahəsində böyük şəxsiyyət Heydər Əliyevin işləyib hazırladığı strateji xətti uğurla davam etdirir, Azərbaycanın davamlı inkişafına yönəlmiş proqram və layihələrin həyata keçirilməsini təmin etmişdir.
Azərbaycanın inkişaf strategiyasının dövlət başçısının daim himayəsi altında olduğunun bir daha şahidi olduq və cənab Prezidenti əmin edirik ki, müstəqil Azərbaycanımızın çiçəklənməsi, möhkəmlənməsi naminə bundan sonra da var qüvvəmizi səfərbər edəcəyik.
Elçin HƏSƏNOV,
Şirvan Şəhər Təhsil Şöbəsi
metodkabinetinin müdiri
Mənbə: http://goo.gl/QCKq6O
Şirvan Şəhər Təhsil Şöbəsi
metodkabinetinin müdiri
Mənbə: http://goo.gl/QCKq6O
Hiç yorum yok:
Yorum Gönder