Mayın 7-də Azərbaycan Dövlət Musiqili Teatrında ümummilli lider Heydər Əliyevin anadan olmasının 91-ci ildönümünə həsr olunmuş ali məktəb tələbələri arasında bədii yaradıcılıq festivalının yekun konserti keçirilib.
Təhsil Nazirliyi və Azərbaycan Təhsil İşçiləri Azad Həmkarlar İttifaqı Respublikası Komitəsinin birgə təşkil etdiyi festivalın əsas məqsədi tələbələri milli-vətənpərvərlik, mədəniyyətimizə, incəsənətimizə, milli adət-ənənələrimizə hörmət ruhunda tərbiyə etmək, onların bədii-estetik səviyyəsini yüksəltməkdir.
Festivalda Təhsil Nazirliyi sistemindəki ali məktəblərin əyani şöbələrində təhsil alan tələbələrdən ibarət incəsənətin müvafiq janrları üzrə özfəaliyyət kollektivləri, dərnək və yaradıcılıq studiyalarında fəaliyyət göstərən ifaçılar, müğənnilər, rəqqaslar, bədii qiraətçilər, musiqiçilər iştirak ediblər.
I, II, III yerlərə layiq görülmüş 33 nəfər bir həftə sonra Təhsil Nazirliyində keçiriləcək tədbirdə hər iki təşkilatın diplomu və hədiyyələri ilə mükafatlandırılacaqlar.
Artıq onuncu ildir ki, mütəmadi olaraq keçirilən ali məktəb tələbələrinin bədii yaradıcılıq festivalı tələbələrin mədəni həyat tərzinin formalaşdırılmasında, incəsənət və mədəniyyətimizin ayrı-ayrı sənət növləri üzrə istedadlı gənclərin üzə çıxarılmasında, onların qabiliyyətlərinin inkişaf etdirilməsində böyük əhəmiyyətə malikdir.
www.edu.gov.az
www.edu.gov.az
Hiç yorum yok:
Yorum Gönder